Dogru.Tv > İqtisadiyyat > SOCAR və “Total” şirkəti arasında çərçivə razılaşması imzalanıb

SOCAR və “Total” şirkəti arasında çərçivə razılaşması imzalanıb


Tarix: 21-11-2016, 19:26. Müəllif: Qarabaqinfo

Noyabrın 21-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyannenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Qarabaq.info SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev “Total” şirkətinin Azərbaycanda fəaliyyətinin 20 illiyi münasibəti ilə şirkət rəhbərliyini təbrik edib, onlara gələcəkdə daha böyük uğurlar arzulayıb. Rövnəq Abdullayev SOCAR və “Total” arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edib, hər iki şirkətin birgə iştirak etdiyi neft-qaz layihələrinin regional və beynəlxalq enerji təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd edib. Bu gün dünya neft-qaz sənayesində mühüm mövqeyə malik olan “Total”ın Azərbaycanda fəaliyyət göstərən ilk xarici enerji şirkətlərindən və ölkəmizin neft-qaz sənayesinə sərmayə yatırmış beynəlxalq investorlardan biri olduğu, SOCAR və “Total” arasında uğurlu və işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə davam etdiyi vurğulanıb. “Abşeron” qaz-kondensat yatağında aparılan geoloji-kəşfiyyat və qazma işləri, yatağın texniki-iqtisadi göstəricilərinin qiymətləndirilməsi, hasilatın başlanması üçün işlənmə proqramının hazırlanması bu əməkdaşlığın bariz nümunəsidir”, - deyə görüşdə qeyd olunub.

 

 “Total”ın baş icraçı direktoru isə Azərbaycanda əlaqələrin davam etdirilməsində maraqlı olduqlarını bildirib. O, əməkdaşlığın inkişafı üçün geniş perspektivlər gördüyünü deyib. P. Puyanne Azərbaycanda həyata keçirilən layihələrin gedişini diqqətlə izlədiklərini qeyd edib, yeni investisiya imkanlarını araşdırdıqlarını və Azərbaycanda neft-qaz əməliyyatlarına sərmayə qoyuluşunu davam etdirəcəklərini deyib. Görüşdə “Total” şirkətinin Azərbaycanın digər neft-qaz layihələrində, o cümlədən “Ümid” yatağı və “Babək” perspektiv sahələrinin işlənməsi layihələrində iştirak etmək üzrə öz imkanlarından maksimum istifadə istəyi ifadə olunub.

 

Görüşün sonunda SOCAR və “Total” arasında “Abşeron” layihəsinin işlənmə proqramını tənzimləyən prinsiplər haqqında çərçivə sazişi imzalanıb.                  

 


 


Geri Qayıt