Dogru.Tv > İqtisadiyyat > “Azərbaycan islahedici tədbirləri yerinə yetirməsə ölkənin MSŞT-da iştirakı dayandırılacaq”

“Azərbaycan islahedici tədbirləri yerinə yetirməsə ölkənin MSŞT-da iştirakı dayandırılacaq”


Tarix: 18-11-2016, 10:57. Müəllif: Qarabaqinfo
 

Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (MSŞT) qərarında nəzərdə tutulan islahedici tədbirləri yerinə yetirməsə ölkənin bu təşkilatda iştirakı dayandırılacaq.

Bu barədə Mədən sənayesində şəffaflığın artırılması üzrə QHT koalisiyasının koordinatoru Qubad İbadoğlu noyabrın 17-də keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Azərbaycan 2017-ci ilin martında Kolumbiyada keçiriləcək MSŞT-nin növbəti toplantısına qədər bu tədbirləri yerinə yetirməlidir.

Əsas şərtlər QHT qrantlarının Ədliyyə Nazirliyində qeydiyyatı ilə bağlı vəziyyətin düzəldilməsi, xarici donorların qrantlarının dövlət orqanlarında qeydiyyatının və qrantın məqsədəuyğunluğu barədə icra orqanının məcburi rəyinin ləğvidir.

“MSŞT bizim koalisiyanın rəyini nəzərə aldı. Biz Azərbaycanın bu şərtləri yerinə yetirməklə MSŞT-də qalmasına tərəfdar olduq”, o vurğulayıb.

Azərbaycanın MSŞT-dən çıxarılması ölkənin investisiya reytinqinə və digər reytinqlərə mənfi təsir göstərəcək.

Öz növbəsində “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov xatırladıb ki, MSŞT-nin Astana iclasından öncə prezident İlham Əliyev xarici qrantın qeydiyyatı zamanı “vahid pəncərə”nin tətbiqi barədə sərəncam imzalayıb. Lakin bu, heç nəyi dəyişmir. Belə ki, əgər qrantın məqsədəuyğunluğu barədə icra orqanının qiymətləndirməsi varsa, o zaman yenə də qrant verib-verməmək məsələsini hakimiyyət həll edir.

“Dövlət başçısı və digər rəsmi şəxslər vətəndaş cəmiyyətini “beşinci kolon” adlandırır. Bu cür münasibət problemin həllinə kömək etmir”, o vurğulayıb.

Tədbirin digər iştirakçısı Oqtay Gülalıyev qeyd edib ki, Astana görüşündən öncə hakimiyyət bəzi kosmetik addımlar atıb, koalisiyaya daxil olan bir necə QHT-ni qeydiyyata alıb.

“Lakin əslində bu, hakimiyyətin müxtəlif QHT nümayəndələrini üz-üzə qoymaq cəhdidir”, o vurğulayıb.  amerikaninsesi.org


Geri Qayıt