Dogru.Tv > İqtisadiyyat > Səfir: "Azərbaycan enerji sahəsində Böyük Britaniyanın strateji tərəfdaşıdır"

Səfir: "Azərbaycan enerji sahəsində Böyük Britaniyanın strateji tərəfdaşıdır"


Tarix: 10-11-2017, 16:38. Müəllif: Qarabaqinfo

Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Kerol Meri Kroftsu qəbul edib.

 

Energetika Nazirliyinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bütün sahələrdə yüksək inkişaf səviyyəsinə malik Azərbaycan-Böyük Britaniya əlaqələrindən danışan energetika naziri iki ölkə arasındakı münasibətlərdə enerji əməkdaşlığının xüsusi yer tutduğunu qeyd edib. 1994-cü ildən başlayaraq, Azərbaycan və Böyük Britaniyanın enerji sahəsində uğurlu əməkdaşlıq modeli yaratdığını deyən P. Şahbazov bildirib ki, Azərbaycanın yeni neft strategiyasına dəstək verən, eləcə də Xəzər regionunun neft və qaz ehtiyatlarına ilk maraq göstərən ölkələr sırasında  Böyük Britaniya xüsusi yer tutur.

 

Görüşdə Azərbaycanın neft-qaz sektorunun inkişafı və enerji təhlükəsizliyindəki rolunun gücləndirilməsində BP ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, "Azəri", "Çıraq" yataqları və "Günəşli" yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması Azərbaycan-Böyük Britaniya əlaqələrinin uzunmüddətli inkişafı üçün yeni imkanlar yaradacaq. P. Şahbazov həmçinin ölkəmizdə həyata keçirilən islahatlar, həmçinin qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlərə diqqət yönəldərək, bu istiqamətdə də əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.

 

Səfir də iki ölkənin uğurlu münasibətlərinin təməlində enerji əməkdaşlığının dayandığını deyərək, Azərbaycanı enerji sahəsində Böyük Britaniyanın strateji tərəfdaşı adlandırıb. Səfir bu tərəfdaşlığın BP-nin iştirakı ilə reallaşdırılan layihələrlə davamlı olacağını, əlaqələrin iqtisadi sahədə genişlənməsində maraqlı olduqlarını diqqətə çatdırıb. Onun sözlərinə görə, Böyük Britaniya Azərbaycana ən çox investisiya yatıran ölkələrdən biridir. Azərbaycanda nəhəng beynəlxalq firmalardan tutmuş kiçik və orta müəssisələrə kimi, 400-ə yaxın Britaniya şirkəti fəaliyyət göstərir. Gələcəkdə  planlaşdırılan səfərlər investisiya mühitinin dəyərləndirilməsi və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsində mühüm  rol oynayacaq.

 

Görüşdə müasir enerji bazarında aktuallıq kəsb edən məsələlərə dair də geniş fikir mübadiləsi aparılıb.


Qarabaq.info
Geri Qayıt