Dogru.Tv > İqtisadiyyat > Maliyyə nazirindən ziddiyyətli açıqlamalar
Maliyyə nazirindən ziddiyyətli açıqlamalarTarix: 28-09-2016, 13:22. Müəllif: Behruz |
Büdcə gəlirləri azalırsa, maaş və pensiyalar hansı vəsait hesabına artırılacaq? Gələn ilin dövlət büdcəsində neftdən daxilolmaların hesablanması üçün neftin 1 barelinin baza qiyməti 40 dollardan götürülüb". Maliyyə naziri Samir Şərifovun bu açıqlaması mətbuatda geniş müzakirələrə səbəb olub. Büdcə gəlirlərinin azalacağını deyən Samir Şərifov gələn il xərclərə daha çox qənaət ediləcəyini vurğulayıb. Maliyyə nazirinin bu açıqlaması ilə ziddiyyət təşkil edən başqa bir açıqlaması isə əmək haqlarının və pensiyaların artırılması ilə bağlı olub.2017-ci il dövlət büdcəsinin əsas prioritetlərini də açıqlayan nazir bildirib ki, növbəti ildə sosial müavinətlər və dövlət sektorunda çalışanları maaşları arta bilər: “Bilirsiniz ki, cari ildə dövlət sektorunda çalışanların əmək haqları artırılıb. Gələn ildə də bu addımların davamlı olması üçün biz büdcədə maliyyə təminatı yaratmalıyıq. Digər tərəfdən, cari ildə sosial müavinətlərin, pensiyaların, təqaüdlərin və digər sosial ödənişlərin artımı baş verib. Bu cür artımların gələn ildə də baş verməsi üçün maliyyə təminatı nəzərdə tutulub. Digər tərəfdən, unutmamalıyıq ki, bizim gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb. Biz çalışmalıyıq ki, xərclərimizlə gəlirlərimiz ayaqlaşsın. Bunun əksi baş verərsə, biz risklərlə üz-üzə qalarıq. Gələn il xərclər siyasətimiz daha sərt olacaq. Bu, o deməkdir ki, daha səmərəli xərclərə üstünlük veriləcək”. Bəs görəsən, dünya bazarındakı hazırkı iqtisadi proseslər fonunda gələn ilin büdcəsində neftin dünya bazarındakı qiymətinin 40 dollardan hesablanması doğru addımdırmı? İkincisi, büdcə gəlirlərinin azaldığı bir dövrdə hökumət maaş və pensiyaların artırılmasını hansı vəsait hesabına həyata keçirəcək? “Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, neftin qiymətinin 40 dollardan hesablanması normal ssenaridir: “Gələn il üçün neftin qiymətinin 40 dollardan hesablanması nəzərdə tutulub və bununla bağlı rəsmi açıqlamalar verilib. Çox güman ki, Azərbaycan hökuməti də qonşu ölkələrin müvafiq addımını nəzərə alaraq neftin qiymətini 40 dollardan götürüb. Bu, normal bir ssenaridir, nə optimistdir, nə də pessimist. Gələn il neftin qiymətinin elə 40 dollar civarında olması gözlənilir. Ancaq dünya bazarında təlatümlər də ola bilər, mən ilin əvvəlində neftin qiymətinin 40 dollardan da aşağı düşəcəyini güman edirəm. Ancaq ortalama qiymətin 40 dollar civarında olması ehtimalı böyükdür. Xərclərin azaldılmasına gəlincə, bu artıq Azərbaycan hökumətinin mütləq atmalı olduğu addımlardan biridir. Çünki gəlirlər azaldıqca, hökumət əlavə gəlir mənbələri yarada bilmirsə, xərcləri azaltmalıdır. Gələn il Neft Fondunda transferlərin 5 milyard manat azalacağı məlumdur”. Əmək haqqı və pensiyaların artmasına gəlincə, N. Cəfərli bildirdi ki, təkcə Samir Şərifovun açıqlaması deyil, qanunun tələbi maaş və pensiyaların artırılmasını şərtləndirir: “Azərbaycanda qüvvədə olan qanuna görə, ilin əvvəlində büdcə təşkilatlarında çalışanların və təqaüd alanların maaşları və təqaüdləri rəsmi inflyasiya səviyyəsi qədər indeksləşdirilir. Yəni bu qanunun tələbidir. Maliyyə naziri istəsə də, istəməsə də bu artım olmalıdır. Məhz bu baxımdan bu ilin sonunda hansı inflyasiya rəqəmi elan olunacaqsa, 2017-ci ilin əvvəlində maaşlar və təqaüdlər həmin rəsmi inflyasiya səviyyəsində artırılacaq”. Müsavat.com Geri Qayıt |